DTX-nin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyafət Fərzəliyev barəsində dövlətə xəyanətə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı müəyyən olunub ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici dövlətin ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanlarının nümayəndələri ilə maddi maraq qarşılığında gizli əməkdaşlığa girib.
O, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı ilə Naxçıvan şəhəri və Şahbuz rayonu ərazisində yerləşən hərbi və digər strateji obyektlərin videogörüntülərini çəkərək, bu materialları xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə ötürüb.
Bundan əlavə, Fərzəliyevin yaşadığı mənzildə aparılan axtarış zamanı “Kalaşnikov” tipli avtomatik silahın ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb.
Fərzəliyevə Cinayət Məcəlləsinin 228.1-ci (atıcı silahın, onun hissələrinin, sursatın, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi, verilməsi, satılması, saxlanması, daşınması və ya daşınması) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.