Dörd dost 40 min dollara yeni kənd saldı

ABŞ-da dörd dost Texas ştatında Llano çayı sahilində “Llano Exit Strategy” layihəsi çərçivəsində 40 min dollara kiçik yaşayış icması yaradıb.

27

ABŞ-da dörd dost ənənəvi şəhər həyatından uzaqlaşaraq “Llano Exit Strategy” adlı maraqlı layihəyə start verib. Onlar Texas ştatında Llano çayı sahilində yerləşən torpaq sahəsini təxminən 40 min dollara alaraq burada kiçik yaşayış icması yaratmağa başlayıblar.

Layihənin məqsədi müasir şəhər həyatından uzaq, daha sadə və təbiətə yaxın həyat qurmaqdır. Təşəbbüsün müəllifləri şəhərlərdə artan yaşayış xərcləri, stress və yüksək kirayə qiymətləri səbəbindən alternativ həyat modeli axtardıqlarını bildirirlər.

“Llano Exit Strategy” layihəsi çərçivəsində torpaq sahəsində 37 kvadrat metrlik dörd kiçik ev tikilib. Bundan başqa, dostlar öz ailələrinin sosial ehtiyaclarını qarşılamaq üçün 140 kvadrat metrlik bir bina da inşa ediblər. Buraya bir ümumi mətbəx, böyük qonaq otağı və qonaqların gecələməsi üçün otaqlar daxildir. Həmçinin yağış sularını yığıb ərazidə istifadə etmək üçün 5 min qalonluq çən də qoyulub.

Onların sözlərinə görə, məqsəd yalnız ucuz yaşayış qurmaq deyil, həm də özünütəminetmə prinsipinə əsaslanan kiçik icma yaratmaqdır. Bu icmada insanlar bir-birinə kömək edir, bəzi işləri birlikdə həyata keçirir və təbiətlə daha yaxın əlaqə qururlar.