Deniz Undav: “Allergiyaya görə iki dəfə az qala ölürdüm”

“Ştutqart”ın hücumçusu Deniz Undav krevetə qarşı ağır allergiyası olduğunu və iki dəfə həyati təhlükəli reaksiya keçirdiyini açıqlayıb.

20

“Ştutqart”ın və Almaniya millisinin hücumçusu Deniz Undav krevetə qarşı ağır allergiyası səbəbindən iki dəfə az qala həyatını itirdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, futbolçu “Hstrystories” YouTube formatında qidalanma vərdişlərindən danışarkən krevet yeyə bilmədiyini bildirib. Undavın sözlərini “Stuttgarter Zeitung” və digər Almaniya mediası yayıb.

“Mən krevet yeyə bilmirəm. İki-üç dəfə allergik reaksiya keçirmişəm, iki dəfə az qala ölmüşəm. Hər şey şişir və nəfəs ala bilmirsən”, – Undav bildirib.

“Eurosport” yazır ki, 30 yaşlı futbolçu krevetlə yanaşı omar və midye kimi bəzi digər dəniz məhsullarından da uzaq durur. Buna görə suşi yeyərkən əsasən qızılbalıq və ya vegetarian variantlarına üstünlük verir.

Undav bu barədə ilk dəfə ictimai şəkildə danışıb. “Sky Sport” də futbolçunun keçirdiyi reaksiyaların həyati təhlükəli olduğunu onun öz açıqlamasına istinadən qeyd edir.