Danimarkada “darçın” ənənəsi

Danimarkada 25 yaşına qədər evlənməyənlərin üzərinə dostları tərəfindən darçın tökülməsi ənənəsi hələ də davam edir. 30 yaşında hələ də subay olanlara isə bibər mərasimi tətbiq olunur və bu adət həm gülməli, həm də təhlükəli sayılır. 

56

Danimarkada 25 yaşına daxil olan və hələ evlənməmiş şəxslər yalnız bir yaş gününü qeyd etmirlər, onlar həm də əsrarəngiz və tarixi ənənəyə uyğun olaraq dostları tərəfindən dolça-dolça darçınla “təbrik edilirlər”. Bu adət əsrlərdir davam edir və “darçın hamamı” kimi tanınır.

Ənənənin kökləri XVI əsrə, Avropanı gəzən danimarkalı ədviyyat tacirlərinə qədər gedir. Bu tacirlər işi səbəbindən tez-tez səyahət etdikləri üçün toy edə bilmirdilər və cəmiyyət arasında “Bibər Adamlar” (“Pebersvende”)  adlandırılırdılar. Zamanla bu söz Danimarka mədəniyyətində subayların doğum günlərində zarafatyana tətbiq olunan bir mərasimə çevrilib.

Adətə görə, 25 yaşına çatmış və evli olmayan doğum günü sahibi dostları tərəfindən ağaca və ya stula bağlanır, başına əvvəlcə su, daha sonra isə çoxlu darçın səpilir. Bu mərasim, xüsusilə, Jutland bölgəsində geniş yayılıb. Böyük şəhərlərdə isə daha çox sadə bir mərasim kimi qalır.

Danimarkada 30 yaşına qədər evlənməmiş şəxslər üçün bu xüsusi mərasim daha da “acı” olur — bu dəfə onun üzərinə darçın yerinə qara bibər səpilir. 30 yaşından sonra subay kişilər “Pebersvend”, qadınlar isə “Pebermø” adlandırılır.

Bu adət ölkədə aktual olaraq gülməli və səmimi bir ənənə kimi qəbul edilir. Bununla belə, Danimarka Yanğınsöndürmə Təşkilatı xəbərdarlıq edir ki, toz darçın havada asılı qaldıqda yüksək yanıcılıq qabiliyyətinə malikdir və mərasim zamanı açıq alovdan uzaq durmaq lazımdır.