Payız aylarının başlaması ilə birlikdə COVID-19 hadisələrində yenidən artım müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, bu il dünyada qeydə alınan koronavirus yoluxmalarının böyük hissəsinə “Stratus” (XFG) və “Nimbus” (NB.1.8.1) adlı iki yeni variant səbəb olur.
“Stratus” — tibb mühitində zarafatla “Frankenştein” adlandırılan bu variant — hazırda qlobal miqyasda dominant vəziyyətdədir və xüsusilə yaşlı insanlarda daha ağır keçir.
Qlobal mənzərə və statistik göstəricilər
İnfeksion xəstəliklər üzrə mütəxəssis, Prof. Dr. Nuriye Taşdelen Fışgın “Milliyet” qəzetinə bildirib ki, COVID-19 artıq yalnız qış mövsümünə məxsus xəstəlik deyil:
“Koronavirus artıq dörd fəsildə də yoluxucu təsirini qoruyur. Bu il hadisələrin təxminən 81 faizini XFG (Stratus), 11,6 faizini isə NB.1.8.1 (Nimbus) təşkil edir. Hər iki variant çox sürətlə yayılır.”
Həkimin sözlərinə görə, bu variantlar hazırda ictimai sağlamlıq üçün yüksək risk yaratmır, lakin yoluxma sayının artdığı bölgələrdə xəstəxanaya yerləşdirmə halları çoxalıb. Ən çox təsirlənən qrup isə 65 yaşdan yuxarı şəxslərdir. Bildirilir ki, COVID-19 səbəbindən ölənlərin təxminən 87 faizi bu yaş qrupuna aiddir.
Ən çox görülən simptomlar
Yeni variantların yaratdığı simptomlar əvvəlki COVID dalğaları ilə oxşardır. Prof. Fışgın qeyd edir ki, əsas əlamətlər bunlardır:
-
Quru öskürək
-
Boğaz ağrısı
-
Burun tutulması və burun axması
-
Bədən hərarətinin qalxması (qızdırma)
-
Bəzi hallarda ürəkbulanma və ishal
Bu simptomların bəziləri mövsümi qriplə qarışdırıla bilər, buna görə həkimlər testin vacibliyini vurğulayırlar.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son aylarda viral tənəffüs yolu infeksiyası diaqnozu qoyulan xəstələr arasında COVID-19 hallarında nəzərəçarpacaq artım müşahidə edilir.
Mütəxəssislər və ÜST nümayəndələri, yaşlı və xroniki xəstəliyi olan şəxslərin diqqətli olmasını, mövsümi peyvəndlər və qoruyucu tədbirlərin davam etdirilməsini tövsiyə edir.
“Frankenstein” (Stratus) və “Nimbus” (NB.1.8.1) variantları hələlik qlobal səviyyədə panikaya səbəb olmasa da, xüsusilə yaşlı nəsil üçün riskli hesab olunur. Mütəxəssislər pandemiyanın tam bitmədiyini, koronavirusun artıq dörd fəsildə də aktiv dolaşdığını vurğulayırlar.