CNN: ABŞ və İsrail iranlı kürd müxalifləri silahlandırmaq istəyir

"CNN"-in məlumatına görə, CIA İran daxilində kürd müxalif qruplarla təmasları gücləndirib. İddialara əsasən, ABŞ və İsrail Tehrana qarşı mümkün fəaliyyət planlarını müzakirə edir.

46

ABŞ-nin “CNN” telekanalının yaydığı məlumata görə, Vaşinqton və Təl-Əviv İran daxilində Tehrana qarşı fəaliyyət göstərən kürd müxalif qruplardan istifadə imkanlarını nəzərdən keçirir.

Telekanala danışan mənbələr iddia ediblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda mümkün iğtişaşların təşviqi məqsədilə ölkədəki kürd müxalif qruplarla təmaslarını intensivləşdirib. Məlumata əsasən, ABŞ administrasiyası həm iranlı müxalif qüvvələrlə, həm də İraq Kürdüstan Regional Hökumətinə sığınmış iranlı kürd nümayəndələrlə hərbi dəstək məsələsində fəal danışıqlar aparır.

İranlı kürd mənbə “CNN”-ə bildirib ki, bəzi silahlı müxalif qruplar ölkənin qərb bölgələrində müəyyən əməliyyatlar planlaşdırır və bu istiqamətdə ABŞ və İsraildən dəstək gözləyirlər.

Həmçinin iddialara görə, bölgədə kürdlərin İran ərazisində müəyyən zonaya nəzarəti ələ keçirərək İsrail üçün “tampon bölgə” formalaşdırması ehtimalı da müzakirə olunur.

Keçmiş Pentaqon rəsmisi və “CNN”-in milli təhlükəsizlik üzrə eksperti Aleks Plitsas isə Vaşinqtonun kürd qruplarını silahlandırmaqla İranda rejimə qarşı mümkün üsyan prosesini sürətləndirməyə çalışdığını irəli sürüb. Onun sözlərinə görə, İran cəmiyyəti əsasən silahsızdır və təhlükəsizlik qüvvələri zəifləmədiyi təqdirdə kənar dəstək olmadan hakimiyyətə qarşı uğurlu çıxış etmək çətin görünür.

Məsələ ilə bağlı ABŞ və İsrail rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Tehran isə daha əvvəl xarici qüvvələri ölkənin daxili işlərinə müdaxilə cəhdlərində ittiham etmişdi.