Çinin Çjetszyan əyalətinin Hanqçjou şəhərində yol hərəkətinin və turist axınının idarə olunması üçün 15 ağıllı robot-yol polisi istifadəyə verilib. Robotlar mayın 1-dən etibarən şəhərin sıx ərazilərində, o cümlədən turistlərin çox olduğu məkanlarda xidmətə başlayıblar.
Çin dövlət agentliyi “Xinhua”nın məlumatına görə, robotlar əsasən piyadaların və qeyri-motorlu nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək, qayda pozuntularının qarşısını almaq və insan polislərə dəstək vermək üçün yerləşdirilib.
“The Independent” yazır ki, bu, Çində izdihamlı bayram mövsümündə istifadə olunan ilk robot polis dəstələrindən biri kimi təqdim edilir. Məlumata əsasən, 15 humanoid yol polisi robotu Hanqçjouda məşhur turistik məkanlardan biri olan Qərb gölü ətrafında yerləşdirilib və onların vəzifələrinə yol hərəkəti pozuntularını göstərmək, nəqliyyatı yönləndirmək və turistlərə istiqamət barədə kömək etmək daxildir.
Robotlar süni intellekt, kamera və sensor sistemləri vasitəsilə velosipedçilərin stop-xətti keçməsi, motosiklet sürücülərinin dəbilqəsiz hərəkəti kimi halları müəyyən edə bilir. Qayda pozuntusu aşkarlandıqda robotlar səsli xəbərdarlıq edir və hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır. CGTN-in məlumatına görə, sistem yerli yol infrastrukturu ilə inteqrasiya olunub və pik saatlarda insan polislərin iş yükünü azaltmaq məqsədi daşıyır.
Çin mediası layihəni “insan-maşın əməkdaşlığı” modeli kimi təqdim edir. Robotların əsas məqsədi insan polis əməkdaşlarını tam əvəz etmək deyil, onların gündəlik yüklənməsini azaltmaq, turistlərə daha sürətli yardım göstərmək və bayram günlərində izdihamlı ərazilərdə nəzarəti gücləndirməkdir. Global Times-ın məlumatına görə, robot dəstəsi insan polis əməkdaşları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.