Çin Xalq Respublikası ordusunda Mao Tszedun dövründən bəri ən genişmiqyaslı təmizləmə prosesi gedir. Bu dəfə yalnız sıravi korrupsiya qalmaqalı deyil — prosesin mərkəzində ölkənin ən nüfuzlu generalı və Çin Dövlət Rəhbəri Si Cinpinin uzunmüddətli müttəfiqi olan Çjan Yousianın “casusluq” şübhələri durur ki, bu da qlobal gündəmi silkələyib.
Mənbələrə görə, Çjan Yousia ABŞ-ın paytaxtı Vaşinqton üçün Çin nüvə proqramı barədə kritik məlumatlar sızdırmaqda ittiham edilir. Əgər bu iddia doğru çıxsa, Pekinin strateji manevr qabiliyyətinə ağır zərbə vura bilər və ABŞ Çin silah sistemlərinin yerlərini və qabiliyyətlərini öyrənmiş ola bilər.
BBC-nin təhlilinə görə, yalnız Çjan deyil, həmçinin Baş Qərargah rəisi Liu Çjenli də ordudan çıxarılıb və bu, Mərkezi Hərbi Komissiyanın boşalmasına səbəb olub. Bu, milyonlarla döyüşçüsü olan Çin ordusunun komanda strukturunu risk altında qoyur. Təcrübəli general heyətinin yoxluğu, qısa müddətdə Tayvan üzərində əməliyyat ehtimalını azalda bilsə də, uzun müddətdə daha böyük risklər yarada bilər.
Dəyişikliklərin ardınca yeni komandanlıq daha gənc, ideoloji baxımdan Si Cinpiyə daha bağlı və əmrləri sorğulamadan yerinə yetirə biləcək şəxslərdən ibarət olur. Bu da Pekinin beynəlxalq siyasətdə daha radikal addımlar atması ehtimalını artırır.
Çin rəhbərliyi bu təmizləməni “siyasi sədaqət və ordunun intizamının möhkəmləndirilməsi” kimi izah edir, lakin bunun əsl səbəbi və nəticələri dünya ictimaiyyəti və hərbi ekspertlər tərəfindən intensiv şəkildə müzakirə olunur.