Çində 9 general parlament üzvlüyündən çıxarıldı

Çində 9 yüksək rütbəli general korrupsiya araşdırmaları fonunda Ümumçin Xalq Nümayəndələri Məclisinin üzvlüyündən azad edilib.

47

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) yüksək rütbəli 9 generalı ölkənin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Məclisinin üzvlüyündən uzaqlaşdırılıb.

“Xinhua” agentliyinin məlumatına görə, Məclisin Daimi Komitəsi bu həftə keçirilən iclasında 5 ordu generalı, 1 general-leytenant və 3 general-mayorun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Üzvlükdən çıxarılanlar arasında Quru Qoşunlarının komandanı general-polkovnik Li Çiaominq, İnformasiya Dəstək Qüvvələrinin siyasi komissarı general-polkovnik Li Vey, sabiq Hərbi Dəniz Qüvvələri komandanı general-polkovnik Şın Cinlonq, keçmiş HDQ siyasi komissarı general-polkovnik Çin Şınqşianq və Hərbi Hava Qüvvələrinin sabiq siyasi komissarı general-polkvonik Yü Conqfu yer alır.

Bununla yanaşı, silahlı qüvvələrə rəhbərlik edən Mərkəzi Hərbi Komissiyanin Milli Müdafiə Səfərbərlik İdarəsinin rəisi general-leytenant Vanq Donxay, eləcə də, general-mayor Bien Rüifınq, Quru Qoşunlarından general-mayor Din Layfu və Raket Qüvvələrindən Yanq Quanq da deputat mandatlarından məhrum edilib.

Generalların gələn həftə keçiriləcək illik sessiya ərəfəsində üzvlükdən çıxarılması, onlara qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı araşdırmalar aparıldığı ehtimalını gücləndirir.

Bu qərarla 2023-cü ilin martında başlayan cari qanunvericilik dövründə məclisdən uzaqlaşdırılan generalların sayı 38-ə çatıb. Nəticədə, 281 nəfərlik hərbi deputat korpusunun üzvlərinin sayı 243-ə enib.

Son üç ildə Çində orduya qarşı aparılan genişmiqyaslı korrupsiya araşdırmaları çərçivəsində çoxsaylı yüksək rütbəli hərbçilər həm ordudan, həm də partiyadan xaric edilib. Xüsusilə raket qüvvələri və hərbi təchizatın modernləşdirilməsinə cavabdeh qurumlarda aparılan istintaqlar, ölkənin hərbi rəhbərliyində genişmiqyaslı kadr təmizləmələrinə səbəb olub.