Çin ABŞ üçün “4 qırmızı xətt” müəyyən edib

Çin ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri ərəfəsində Vaşinqtonla münasibətlərdə Tayvan, insan hüquqları, siyasi sistem və inkişaf hüquqlarını “qırmızı xətt” kimi xatırladıb.

Çin ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri ərəfəsində Vaşinqtonla münasibətlərdə prinsipial hesab etdiyi əsas mövqeləri yenidən gündəmə gətirib. Çin Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, Donald Tramp Çin Sədri Si Cinpinin dəvəti ilə mayın 13-dən 15-dək Çinə dövlət səfəri edəcək. 

Çinin ABŞ-dakı səfirliyinin rəsmi saytında dərc edilmiş əvvəlki mövqedə Pekinin Vaşinqtonla münasibətlərdə “dörd qırmızı xətt” müəyyən etdiyi vurğulanıb. Bu istiqamətlər Tayvan məsələsi, demokratiya və insan hüquqları, inkişaf yolu və siyasi sistem, həmçinin Çinin inkişaf hüquqları kimi təqdim edilib. Səfirlik ABŞ tərəfini bu xətləri keçməməyə və əlavə gərginlik yaratmamağa çağırıb.

Pekin üçün xüsusilə Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən həssas mövzulardan biri olaraq qalır. “Associated Press”-in məlumatına görə, Trampın səfəri zamanı Tayvan və ticarət məsələlərinin gündəmdə əsas yer tutacağı gözlənilir. Çin ABŞ-ın Tayvana silah satışı planlarından narazıdır və Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir.

Trampın Pekin səfərində ticarət, süni intellekt çipləri, ABŞ şirkətlərinin Çin bazarına çıxışı, Tayvan, İran müharibəsi və nüvə silahlarına nəzarət kimi mövzuların müzakirə olunacağı gözlənilir. Tramp Çin bazarının ABŞ şirkətləri üçün daha açıq olmasını istəyir, Pekin isə texnologiya və yarımkeçirici avadanlıqlara qoyulan məhdudiyyətlərin yumşaldılmasını prioritet sayır.

Ekspertlər hesab edirlər ki, Pekinin “qırmızı xətt” mesajı səfər ərəfəsində danışıqların çərçivəsini əvvəlcədən müəyyənləşdirmək məqsədi daşıyır. Çin bu mövzuları daxili suverenlik, siyasi model və inkişaf hüquqları ilə bağlı fundamental məsələlər kimi təqdim edir, Vaşinqton isə xüsusilə Tayvan, insan hüquqları, ticarət və texnologiya sahələrində öz mövqeyini qorumağa çalışır.