Cey Di Vens: “İranla razılaşma mümkündür”

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İran səmimi əməkdaşlığa hazır olsa, Vaşinqtonla razılaşma əldə edilə bilər. O, hazırkı vəziyyəti “kövrək atəşkəs” adlandırıb. 

6

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İran danışıqlarda səmimi davransa, Vaşinqtonla Tehran arasında razılaşma əldə oluna bilər. O, Budapeştdə çıxışı zamanı hazırkı vəziyyəti “kövrək barışıq” kimi xarakterizə edib və ABŞ prezidenti Donald Trampın prosesdə irəliləyişin ləng getməsindən narazı olduğunu deyib. 

“Fox News”-un yayımladığı sitata görə, Vens deyib: “Əgər iranlılar həqiqətən əməkdaşlığa hazırdırlarsa, biz razılığa gələ bilərik.” O əlavə edib ki, əgər İran tərəfi “yalan danışsa, aldatsa və ya qurulmuş kövrək atəşkəsin həyata keçməsinə mane olmağa çalışsa”, bunun nəticələri olacaq.

Vens çıxışında İran daxilində fərqli mərkəzlərin müxtəlif siqnallar verdiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi dairələr razılaşmaya konstruktiv yanaşır, digərləri isə həm hərbi nəticələr, həm də atəşkəsin mahiyyəti barədə “yalan danışır”. Bu səbəbdən də o, barışığı sabit yox, həssas mərhələ kimi təqdim edib.