Cənubi Koreya millisinin DÇ-2026 qrup mərhələsindəki çıxışından sonra baş məşqçi Hon Myonq-bo ölkədə azarkeşlərin sərt tənqid hədəfinə çevrilib.
MSNews.az xəbər verir ki, Cənubi Koreyanın “Asia Economy” nəşrinin məlumatına görə, sosial şəbəkələrdə və onlayn icmalarda GS25 marketlərindən birinin giriş qapısına yapışdırıldığı iddia edilən elan geniş müzakirə olunub. Elanın üzərində koreya dilində “Hon Myonq-bo üçün giriş qadağandır” ifadəsi yer alıb.
Bununla belə, “Asia Economy” qeyd edir ki, həmin elanın həqiqətən Hon Myonq-bonu hədəf alıb-almadığı rəsmi şəkildə təsdiqlənməyib. GS25 mağazalar şəbəkəsini idarə edən “GS Retail” şirkəti fotodakı mağazanın hələ müəyyənləşdirilmədiyini və faktların araşdırıldığını bildirib.
Şirkət nümayəndəsinin sözlərinə görə, elanda istifadə edilən kağızın “1+1” kimi kampaniyalar üçün mağazalara paylanan blanklara bənzəməsi bunun şirkətin rəsmi göstərişi olduğu təəssüratı yarada bilər. Lakin “GS Retail” bu iddianı təsdiqləməyib və məsələnin araşdırıldığını açıqlayıb.