CAIR ABŞ ilə İsrail arasında 8,6 milyard dollarlıq qırıcı təyyarə proqramını pislədi

CAIR ABŞ-ın "Boeing" şirkəti ilə İsrailin F-15 döyüş təyyarələri proqramı üçün imzaladığı 8,6 milyard dollarlıq müqaviləni pisləyib və İsrailə silah tədarükünün dərhal dayandırılmasına çağırıb.

71

Amerikan-İslam Münasibətləri Şurası (CAIR) ABŞ hökumətinin “Boeing” şirkəti ilə İsrailin F-15 döyüş təyyarələri proqramı çərçivəsində imzaladığı 8,6 milyard dollarlıq müqaviləni kəskin şəkildə pislədiyini açıqlayıb.

CAIR-in direktor müavini Edvard Əhməd Mitçel mövzu ilə bağlı verdiyi bəyanatda bildirib ki, bu qərar ABŞ şirkətləri və xarici hökumətlər üçün İsrailin insanlığa qarşı törətdiyi iddia olunan cinayətlərə görə heç bir məsuliyyət daşımadan maliyyə qazancı əldə edə biləcəkləri barədə açıq mesaj verir. Onun sözlərinə görə, bu cür müqavilələr beynəlxalq hüquq və insan haqları prinsipləri ilə ziddiyyət təşkil edir.

Mitçel vurğulayıb ki, ABŞ-ın İsrail ordusuna milyardlarla dollar dəyərində və yüksək texnologiyalı silahlar ötürməsi mənəvi baxımdan müdafiə edilə bilməz. O, ABŞ administrasiyasını və Konqresi İsrailə silah tədarükünü dərhal dayandırmağa çağırıb.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir gün əvvəl “Boeing” şirkətinə İsrailin F-15 proqramı üçün 8,6 milyard dollarlıq müqavilə verildiyini rəsmən elan etmişdi. Açıqlamada bildirilirdi ki, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA döyüş təyyarəsinin layihələndirilməsi, inteqrasiyası, sınaqdan keçirilməsi, istehsalı və təhvil verilməsini, həmçinin əlavə 25 təyyarə üçün opsionu əhatə edir.

Pentaqonun məlumatına görə, bu müqavilə İsrailə həyata keçirilən xarici hərbi satışlar çərçivəsinə daxildir. Proqram üzrə işlər ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində aparılacaq və layihənin 2035-ci il 31 dekabr tarixinədək tamamlanması nəzərdə tutulur.