İtaliyanın Latsio bölgəsində yerləşən Sivita di Banyorecio kəndi özünəməxsus xüsusiyyəti ilə diqqət çəkir — burada avtomobil trafiki tamamilə qadağandır və kəndə yalnız piyada daxil olmaq mümkündür.
Bu tarixi yaşayış məntəqəsinə giriş, dərin vadinin üzərində yerləşən uzun piyada körpüsü vasitəsilə həyata keçirilir. Kəndə gələn ziyarətçilər nəqliyyat vasitələrini kənd xaricində saxlamalı və qısa gəzinti ilə qədim yaşayış sahəsinə çatmalıdırlar.
Sivita de Banyorecio (Civita di Bagnoregio) xəritədə “ölən şəhər” kimi tanınır, çünki eroziya səbəbindən yerləşim yeri yavaş-yavaş daralır və torpaq sürüşmələri kəndin sahəsini azaldır. Təhlükəsizlik və tarixi mühitin qorunması məqsədilə motorlu nəqliyyat vasitələrinin kəndə daxil olması qadağan edilib.
Kəndin daimi sakinlərinin sayı təxminən 10–15 nəfər civarındadır. Dar daş küçələr və orta əsr memarlığı ilə zəngin bu məkan, sakit atmosferi və avtomobilsiz mühiti ilə xarici turistlərin böyük marağına səbəb olur.
Son illərdə sosial mediada yayılan görüntülər və səyahət paylaşımları sayəsində Sivita di Banyorecio daha çox tanınmağa başlayıb. Kəndə girişdə ödənilən haqq bu unikal yaşayış məkanının restavrasiyası və qorunması üçün istifadə olunur, bu da tarixi dəyərlərin gələcək nəsillərə ötürülməsinə kömək edir.