Britni Spirs musiqi kataloqunun hüquqlarını satdı

Dünya şöhrətli pop ulduzu Britni Spirs musiqi kataloqunun hüquqlarını "Primary Wave" şirkətinə satıb. Müqavilənin məbləğinin 200 milyon dollar civarında olduğu bildirilir.

47

Britni Spirs musiqi kataloqunun hüquqlarını müstəqil musiqi nəşriyyatı olan “Primary Wave” şirkətinə satıb. Bu barədə ilk olaraq “TMZ” saytı hüquqi sənədlərə istinadla məlumat yayıb.

Məlumata görə, müqavilə 30 dekabr tarixində imzalanıb. Razılaşmanın maliyyə detalları açıqlanmasa da, məbləğin 2023-cü ildə Castin Biberin musiqi hüquqlarını “Hipgnosis Songs Fund” şirkətinə təxminən 200 milyon dollara satdığı müqavilə ilə eyni səviyyədə olduğu bildirilir.

Məsələyə yaxın mənbə xəbərin doğru olduğunu təsdiqləsə də, əlavə təfərrüatlar açıqlanmayıb. “Primary Wave” isə hələlik rəsmi şərh verməyib. Şirkətin kataloqunda Uitni Hyuston, Prins və Stiv Niks kimi məşhur sənətçilərin də əsərləri yer alır.

44 yaşlı müğənni 1998-ci ildə yayımlanan “…Baby One More Time” ilə dünya şöhrəti qazanıb və qlobal hitlərə imza atıb. Satış müqaviləsinə “Oops!… I Did It Again”, “Toxic”, “(You Drive Me) Crazy”, “Circus”, “Gimme More” və “I’m a Slave 4 U” kimi məşhur mahnılar daxildir.

Spirsin son studiya albomu “Glory” 2016-cı ildə işıq üzü görüb. 2021-ci ildə isə o, 13 il davam edən və atası Ceymi Spirs tərəfindən idarə olunan məhkəmə qəyyumluğundan azad edilib. Qəyyumluq mexanizmi onun şəxsi həyatını, karyerasını və təxminən 60 milyon dollarlıq əmlakını əhatə edirdi.

Britni Spirs bununla da əsərlərinin hüquqlarını satan məşhurlar sırasına qoşulub. Daha əvvəl Stinq, Bryus SprinqstinCastin Timberleyk də oxşar razılaşmalar imzalayıblar.