Böyük Britaniya hökuməti keçmiş şahzadə Endryunun krallıq taxtının varislik sırasından çıxarılması üçün qanun layihəsi hazırlamağı nəzərdən keçirir. Məsələ ilə bağlı təşəbbüsün, hüquq-mühafizə orqanlarının apardığı araşdırma başa çatdıqdan sonra gündəmə gətiriləcəyi bildirilir.
BBC-nin yaydığı məlumata görə, mümkün dəyişiklik qüvvəyə minsə, York hersoqu titulundan da məhrum edilmiş Endryunun taxta çıxmaq ehtimalı tamamilə aradan qalxacaq. Qanunun qəbul edilməsi üçün Böyük Britaniya Parlamentinin hər iki palatasının təsdiqi və Kral III Çarlzın razılığı tələb olunur. Bundan əlavə, kralın dövlət başçısı olduğu Kanada, Avstraliya, Yamayka və Yeni Zelandiya da daxil olmaqla 14 Birlik ölkəsinin dəstəyi zəruri sayılır.
Endryunun adı maliyyəçi Ceffri Epşteyn ilə bağlı qalmaqalda hallanmışdı. O, yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunan Epşteynlə əlaqələrinə görə ciddi ictimai təzyiqlə üzləşmişdi. 2025-ci ilin oktyabrında “Şahzadə” titulu da daxil olmaqla bütün krallıq titulları əlindən alınsa da, hazırda varislik siyahısında 8-ci sırada qalır.
Hökumətin mümkün addımı Liberal Demokratlar və Şotlandiya Milli Partiyası (SNP) daxil olmaqla bəzi deputatların dəstək siqnalından sonra aktuallaşıb. Hakim İşçi Partiyasının monarxiya əleyhdarı mövqeyi ilə tanınan bəzi üzvləri isə Endryunun taxta çıxma ehtimalının onsuz da çox aşağı olduğunu əsas gətirərək əlavə qanun dəyişikliyinə ehtiyac olmadığını bildiriblər.
Taxtın varislik qaydaları sonuncu dəfə 2013-cü ildə dəyişdirilib. Həmin qanunla katoliklə evlənən şəxslərin varislik hüququnu itirməsi ilə bağlı müddəa ləğv olunmuşdu. Parlament qərarı ilə varislik siyahısından çıxarılan sonuncu şəxs isə 1936-cı ildə taxtdan imtina edən keçmiş Kral VIII Eduard və onun nəslinin nümayəndələri olub.