Nazirlik bildirib ki, tədbirlər Rusiyanın xüsusilə enerji sektorundan əldə etdiyi əsas gəlirləri hədəf alır. Sanksiyalar çərçivəsində Rusiyanın neft ixracının 80 faizindən çoxunu daşıyan və dünyanın ən iri boru kəməri şirkətlərindən biri olan PJSC Transneft də siyahıya daxil edilib.
Rəsmi açıqlamada qeyd olunur ki, indiyədək tətbiq edilən beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatına 450 milyard dollardan çox zərər vurub.
Yeni paketə “kölgə donanması operatoru” kimi təqdim edilən 2Rivers şirkəti ilə əlaqəli 175 şirkət və 48 neft tankeri daxil edilib. Bundan əlavə, Rusiyanın pilotsuz uçuş aparatları, ehtiyat hissələri və texnologiya təminatçıları olan 49 fiziki və hüquqi şəxs də sanksiyalara məruz qalıb.
Bəyanatda Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) sektoru və sərhədlərarası ödənişləri həyata keçirən 9 bankın da məhdudiyyətlərə cəlb olunduğu vurğulanıb.
Bununla da London Rusiyaya qarşı enerji, maliyyə və müdafiə sənayesi daxil olmaqla müxtəlif sahələri əhatə edən təxminən 300 yeni sanksiyanı rəsmən təsdiqləyib.