Braziliyanın “Uberlandia Esporte Clube” klubu adını dəyişəcəyini açıqlayıb. Braziliyanın etibarlı idman mənbəsi “ge.globo“ yazır ki, klub yeni tərəfdaşın adının rəsmi brendə daxil ediləcəyini bildirib, amma şirkətin adını hələ açıqlamayıb. Yeni adın rəsmi təqdimatının daha sonra ediləcəyi qeyd olunub.
Buna görə də klub artıq “UberLANDIA” adlanır demək hələ tezdir. Hazırda təsdiqlənən fakt budur ki, ad dəyişikliyi olacaq və tərəfdaş “qlobal miqyaslı marka” kimi təqdim olunur. “Uber”-in həmin tərəfdaş olduğu ilə bağlı iddialar mediada və sosial şəbəkələrdə dolaşsa da, bu hissə açıq rəsmi elanla hələ təsdiqlənməyib.
Qeyd edək ki, “Uberlandia Esporte Clube” eyniadlı şəhərin komandasıdır.