Böyük Britaniya ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında elan etdiyi blokadada iştirak etməyəcəyini bəyan edib. Britaniya hökumətinin mövqeyinə görə, London boğazın açıq və təhlükəsiz qalmasını vacib saysa da, bu, ABŞ-ın mümkün hərbi blokadasına qoşulmaq anlamına gəlmir. Bu barədə Britaniya mediası hökumət mənbələrinə istinadən yazıb.
Məlumatı “The Guardian” nəşrinə istinadən MSNews.az verir.
Məsələ Trampın ABŞ-İran danışıqlarının nəticəsiz qalmasından sonra Hörmüz boğazının blokadaya alınacağını açıqlaması fonunda gündəmə gəlib. Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazda blokada tədbirlərinə başlayacağını bildirib. “Reuters” həmçinin onun son açıqlamasında bunun həyata keçirilməsinin “bir az vaxt aparacağını” yazıb.
Tramp daha əvvəl Böyük Britaniyanın yardım üçün hərbi gəmilər göndərə biləcəyini demişdi. “Reuters”-in 10 aprel materialına görə, Böyük Britaniyanın baş naziri Kir Starmer Trampla Hörmüz boğazında hərbi imkanlar və gəmilərin hərəkəti ilə bağlı logistikanı müzakirə etdiyini təsdiqləmişdi. Ancaq bu, Londonun ABŞ-ın elan etdiyi blokadaya avtomatik qoşulacağı anlamına gəlmirdi.
Britaniyanın hazırkı mövqeyi ondan ibarətdir ki, əsas məqsəd boğazın beynəlxalq gəmiçilik üçün açıq saxlanılmasıdır, gərginliyin daha da artmasına səbəb ola biləcək blokada formatında hərbi əməliyyata qatılmaq yox. Bu yanaşma Londonun son günlər diplomatiyaya üstünlük verməsi ilə də üst-üstə düşür.