“Booking.com” istifadəçilərinə fişinq xəbərdarlığı: saxta ödəniş mesajları yayılır

"Booking.com" istifadəçiləri saxta ödəniş və forma mesajları ilə hədəfə alınır. Dələduzlar fişinq yolu ilə şəxsi və bank məlumatlarını ələ keçirməyə çalışırlar.

7

“Booking.com” üzərindən otel bron edən istifadəçilər yeni fişinq dalğası ilə üzləşə bilər. Söhbət platformanın özünün “məlumat oğurlaması”ndan yox, dələduzların otel və ya tərəfdaş hesablarını ələ keçirərək, yaxud “Booking.com” adından saxta mesajlar göndərərək istifadəçiləri aldatmasından gedir.

“Booking.com”-un təhlükəsizlik materiallarında da qeyd olunur ki, fırıldaqçılar şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə çalışa, şübhəli keçidlər göndərə və istifadəçiləri platformadan kənar ünsiyyətə yönləndirə bilərlər.

Sxem adətən rezervasiya təsdiqləndikdən sonra işə düşür. İstifadəçiyə guya ödəniş xətası olduğu, bronun təsdiqi üçün əlavə forma doldurulmasının vacibliyi və ya kart məlumatlarının yenilənməsinin tələb edildiyi bildirilir. Belə mesajlar bəzən SMS və ya messencerlərdə, bəzən isə birbaşa Booking.com-un mesajlaşma mühitinə bənzər kanallarda görünür. “Booking.com” istifadəçilər üçün təhlükəsizlik tövsiyələrində açıq şəkildə bildirir ki, heç bir legitim ödəniş və ya rezervasiya dəyişikliyi sizdən telefon, SMS və ya e-poçt vasitəsilə kart məlumatlarınızı paylaşmağı tələb etməməlidir.

Riskin əsas səbəblərindən biri otel tərəfdaşlarının hesablarının da hədəfə çevrilməsidir. “Booking.com” tərəfdaşlar üçün dəfələrlə xəbərdarlıq edib ki, “extranet” hesablarında qonaqların şəxsi məlumatları və ödəniş detalları olduğu üçün bu hesablar kiberdələduzların diqqət mərkəzindədir. Platforma həmçinin şübhəli fəaliyyət aşkarlanarsa, mesajlarda link göndərmə imkanını məhdudlaşdıra bildiyini bildirir.

Müstəqil istehlakçı qurumları da son aylarda “Booking.com” adı ilə göndərilən saxta mesajların artdığını yazır. “Which?” nəşri istifadəçilərə kart məlumatlarını daxil etdikləri halda dərhal bankla əlaqə saxlamağı, kartı bloklamağı və şübhəli mesajları həm platformaya, həm də aidiyyəti qurumlara bildirməyi tövsiyə edir.

Ekspertlərin tövsiyəsinə görə, istifadəçilər rezervasiya ilə bağlı hər hansı “təcili ödəniş” tələbi aldıqda, linkə keçmək əvəzinə “Booking.com” tətbiqinə və ya rəsmi saytına birbaşa daxil olub bron məlumatlarını yoxlamalı, otelin ödəniş siyasətini müqayisə etməli və yalnız rəsmi kanallardan istifadə etməlidirlər. Platforma da vurğulayır ki, host və ya otel tərəfindən tələb olunan ödəniş elan edilmiş qaydalarda göstərilmirsə, həmin vəsaiti göndərməmək lazımdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
12 aprel 2026