Rusiyanın dövlətə məxsus “Birinci kanal”ı “Vremya pokazhet” proqramının 7 may tarixli buraxılışını saytından silib. Həmin buraxılışda Azərbaycanın xəritəsi təhrif olunmuş formada təqdim edilmiş, Qarabağ bölgəsi ayrıca göstərilərək “Dağlıq Qarabağ” kimi qeyd olunmuşdu.
Məlumata görə, söhbət “Vremya pokazhet. Çast 2” buraxılışından gedir. Proqramda Cənubi Qafqazla bağlı müzakirə zamanı nümayiş etdirilən xəritə Azərbaycanda ciddi narazılıq doğurmuşdu.
Hadisəyə Azərbaycan Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, 6 may tarixində “Vremya pokazhet” proqramında Azərbaycanın təhrif olunmuş xəritəsinin göstərilməsi ciddi provokasiya və qəbuledilməz siyasi manipulyasiyadır. Azərbaycan tərəfi Rusiyadan rəsmi izahat və gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlər gözlədiyini vurğulamışdı.
Qalmaqallı xəritənin yer aldığı buraxılışın silinməsi Bakının sərt reaksiyasından sonra baş verib. Bununla belə, “Birinci kanal”ın məsələ ilə bağlı ayrıca rəsmi izahat yayıb-yaymadığı barədə açıq məlumat yoxdur.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və “Dağlıq Qarabağ” adlı ayrıca inzibati-siyasi vahid mövcud deyil. Bu səbəbdən Rusiya federal televiziyasında belə təqdimatların təkrarlanması Bakı-Moskva münasibətlərində əlavə gərginlik yaradan informasiya insidenti kimi qiymətləndirilir.