Bill Klinton Epşteyn istintaqı çərçivəsində Konqresdə ifadə verdi

ABŞ-nin sabiq prezidenti Bill Klinton Epşteyn işi üzrə Konqresdə ifadə verib, onun cinayətlərindən xəbərdar olmadığını və əlaqəni erkən dövrdə kəsdiyini bildirib.

61

ABŞ-nin sabiq prezidenti Bill Klinton Konqres üzvləri tərəfindən Ceffri Epşteyn işi üzrə aparılan araşdırma çərçivəsində ifadə verib. Respublikaçıların çoxluqda olduğu Nümayəndələr Palatasının Nəzarət Komitəsi Klintonun Epşteynlə əlaqələri barədə suallarını qapalı iclasda ünvanlayıb.

ABŞ mediasının məlumatına görə, Klinton Nyu-Yorkda keçirilən dinləmədə Epşteynlə tanışlığını təsdiqləyib, lakin onun yetkinlik yaşına çatmayan qızlarla bağlı cinayətlərindən “heç vaxt xəbərdar olmadığını” bildirib. O, həmçinin Epşteynin ilk cinayət etirafından xeyli əvvəl onunla əlaqələrini kəsdiyini vurğulayıb. “Heç nə görmədim və heç bir yanlış etmədim. Geriyə baxanda belə, məni şübhələndirəcək heç nə görməmişəm. O, bunu uzun müddət hamıdan çox yaxşı gizlədib”, – deyə Klinton bildirib.

Sabiq prezident həyat yoldaşı Hillari Klintonın bu məsələ ilə əlaqəsi olmadığı halda ifadəyə çağırılmasından narazılığını da dilə gətirib.

Dinləmədən sonra açıqlama verən respublikaçı konqresmen Anna Paulina Luna Klintonun “çox əməkdaşlıq edən” mövqe sərgilədiyini bildirib. Onun sözlərinə görə, indiyədək Klintonun hər hansı məlumatı gizlətməsinə dair əsas yoxdur və o, kifayət qədər şəffaf davranıb.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərində Klintonun adı da yer almışdı. Həmin sənədlərdə onun Epşteynin özəl təyyarəsi ilə ən azı 16 dəfə səfər etdiyi və bəzi fotoların mövcud olduğu göstərilmişdi. Klintonun sözçüsü Angel Urena isə bildirib ki, səfərlər 2000-ci illərin əvvəllərində, Epşteyn hər hansı cinsi cinayətə görə mühakimə olunmazdan əvvəl və əsasən Klinton Fondunun fəaliyyəti çərçivəsində baş tutub.

Araşdırma davam edir və Konqresin əlavə dinləmələr keçirəcəyi gözlənilir.