Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində məhkəmə proseslərinə inteqrasiya olunmuş süni intellekt platformasının tətbiqinə başlanacaq.
MSNews.az xəbər verir ki, Əbu-Dabi Məhkəmə Departamenti layihəni dünyada ilk tam inteqrasiya olunmuş süni intellekt əsaslı məhkəmə platforması kimi təqdim edib. Sistemin ilk mərhələsinin 2026-cı ilin sentyabrında başlaması, tam tətbiqin isə 18 ay ərzində həyata keçirilməsi planlaşdırılır.
Bu barədə “Gulf Today” məlumat yayıb.
Platforma məhkəmə işlərinin və hüquqi sənədlərin təhlili, qanunvericilik və oxşar qərarların axtarışı, hüquqi araşdırmaların aparılması, analitik hesabatların və məhkəmə sənədlərinin hazırlanması kimi proseslərdə hakimlərə yardım edəcək. Məqsəd işlərə baxılma müddətini azaltmaq, prosedurları sadələşdirmək və qərarların hazırlanmasında dəqiqliyi artırmaqdır. “Gulf News” sistemin məhkəmə prosesinin müxtəlif mərhələlərinə daxil ediləcəyini yazıb.
Rəsmi açıqlamaya əsasən, sistem yalnız qərarların hazırlanmasına dəstək göstərəcək, bütün nəticələr insan nəzarətindən keçəcək və yekun hökmə görə məsuliyyət hakimlərin üzərində qalacaq.