“BBC Travel” 2026-cı il üçün “Görməli yerlər” siyahısını açıqladı

"BBC Travel" 2026-cı il üçün dünyanın ən diqqətəlayiq 20 səyahət marşrutunu açıqladı. Siyahının zirvəsində Əbu Dabi yer alır, 

75

“BBC Travel” 2026-cı il üçün dünyanın ən diqqətəlayiq səyahət marşrutlarını açıqlayıb. Siyahı çöllərdən okean adalarına, tarixi şəhərlərdən təbii möcüzələrə qədər geniş ərazini əhatə edir.

Siyahının zirvəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi yer alıb. “BBC Travel” şəhəri, xüsusilə, mədəniyyət və incəsənət sahəsindəki böyük sərmayələri ilə ön plana çıxarır. Bu şəhərdə yeni açılmış dünyanın ən böyük rəqəmsal sənət muzeyi “TeamLab Phenomena”, Əbu Dabi Təbiət Tarixi Muzeyi və ilin sonlarında açılması planlaşdırılan “Guggenheim Abu Dabi” kimi layihələr diqqət çəkir. Bundan əlavə, Orta Şərqin ilk “Disneyland” parkının qurulması planları da səyahətçilərin marağına səbəb olur.

Siyahıda ikinci sırada Əlcəzair qərarlaşıb. “BBC Travel”-a görə ölkə Roma qalıqları, Səhranın unikal mənzərələri və tarixi şəhərləri ilə güclü turizm potensialına malikdir. UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Konstantin, Timqad və Djemila şəhərlərində yaxşı qorunmuş Roma qalıqları və Səhradakı Djanet oazisi diqqət çəkən yerlərdir.

Üçüncü yerdə Çiliyə aid Kolçaqua Vadisi var. Paytaxt Santiaqonun cənubunda yerləşən bölgə üzüm bağları, qastronomiya məkanları və And dağlarından Sakit Okeana qədər uzanan mənzərələri ilə tanınır. “BBC Travel” bölgəni “Çili kovboy mədəniyyətinin qəlbi” kimi təsvir edir.

Siyahıda dördüncü sırada Kuk Adaları, beşinci sırada isə Kosta Rika yer alır. Kuk Adaları Polineziya təcrübəsini “cənnət kimi” təqdim edir, Kosta Rika isə bioloji müxtəlifliyi və ətraf mühitin qorunması siyasəti ilə seçilir. Ölkənin ərazisinin dörddə biri qoruma altında olmaqla yanaşı, 2050-ci il üçün karbon neytral hədəfi də diqqətə layiqdir.

“BBC Travel” siyahısında ABŞ-dan Oregon SahiliFiladelfiya kimi iki bölgə yer alıb. Bununla yanaşı, siyahı Yaponiya, Portuqaliya, Afrika və Okeaniya daxil olmaqla geniş coğrafiyanı əhatə edir.

“BBC Travel”-ın 2026-cı il üçün hazırladığı siyahıya daxil edilən digər yerlər arasında Hebride Adaları (Şotlandiya), İşikava (Yaponiya), Komodo Adaları (İndoneziya), Loreto (Meksika), Monteneqro, Oulu (Finlandiya), Pnompen (Kamboca), Gimarayeş (Portuqaliya), Samburu (Keniya), Santo Dominqo (Dominikan Respublikası), Slokan Vadisi (Kanada), Uluru (Avstraliya) və Uruqvay var.