MSNews.az-ın “Reuters” istinadən verdiyi məlumata görə, hadisə ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampın videozəng zamanı hücumu görərək polisə xəbər verməsindən sonra üzə çıxıb. İşə Londonun Snaresbrook Crown Court məhkəməsində baxılıb. Rusiyalı Matvey Rumyantsev qadına hücum etdiyi üçün 4 il həbs cəzasına məhkum edilib.
Məlumata əsasən, Barron Tramp ötən ilin yanvarında ABŞ-dan Londonda yaşayan qadına zəng edib və onun döyüldüyünü görüb. Hakim Joel Bennatan bildirib ki, hücum anında Barron Tramp vəziyyəti düzgün qiymətləndirərək təcili xidmətlərə məlumat verib. Məhkəmə materiallarına görə, Rumyantsev qadını alçaltmaq məqsədilə telefonu tutaraq zorakılığı kameraya da göstərib.
Qadın hücum nəticəsində çənə, qol və bilək nahiyəsində göyərmələr alıb, bədənində cızıqlar yaranıb, həmçinin saçının bir hissəsi qopub. “Reuters” yazır ki, Rumyantsev yanvarda hücum və ədalət mühakiməsinə mane olmaq maddələri üzrə təqsirli bilinib, lakin zorlama və qəsdən boğma ittihamları üzrə bəraət alıb. Ona hər iki maddə üzrə iki ildən olmaqla ümumilikdə 4 il həbs cəzası verilib.
İş media və ictimaiyyətdə geniş diqqət çəkib, çünki hücuma dair əsas xəbərdarlıq birbaşa Barron Trampdan gəlib. Hakim onun davranışını “düzgün və məsuliyyətli addım” kimi qiymətləndirib.