Banklara nağd dollar axını 393 milyon dollara çatdı

2025-ci ilin yanvar-noyabr aylarında bankların nağd dollar alışı satışdan 393 milyon dollar çox olub. Dollarlaşma 29%-ə enib, AMB-nin ehtiyatları 11.4 milyard dollara yüksəlib. Cari əməliyyatlar hesabında 3 milyard dollarlıq profisit formalaşıb.

87

Banklara nağd dollar axını 393 milyon dollara yüksəldi – valyuta bazarında təklif üstünlüyü davam edir

Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə məntəqələri vasitəsilə banklara daxil olan nağd xarici valyuta satışları alışı 393 milyon ABŞ dolları üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizi ilə bağlı dekabr bəyanatında bildirilir.

Mərkəzi Bankın məlumatına görə, valyuta bazarında təklif tələbi üstələdiyindən ümumi vəziyyət sabit olaraq qalır. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə düşüb ki, bu da məzənnə ilə bağlı gözləntilərin pozitiv olduğunu göstərir.

Cari şəraitdə 2025-ci ilin ilk 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 milyard dollara çatıb.

Valyuta bazarının stabilliyini təmin edən xarici sektor göstəriciləri də müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar (ÜDM-in 5.4%-i) həcmində profisit formalaşıb. Profisit əsasən xarici ticarət və təkrar gəlirlər balansındakı müsbət göstəricilərdən qaynaqlanır.

Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmalar ötən illə müqayisədə artım göstərir. Mərkəzi Bank 2025 və 2026-cı illərin sonu üçün cari əməliyyatlar hesabında profisit proqnozunu dəyişməz saxlayır.