Banan qabığını atmayın: İnanılmaz faydaları var

Banan qabığının diş ağartmaqdan sızanaqları azaltmağa qədər bir çox faydası var. Mütəxəssislər qabığın məişət və sağlamlıq üçün istifadəsindən danışır.

68

Əksər insanlar bananı yedikdən sonra onun qabığını düşünmədən zibilə atır. Halbuki mütəxəssislər banan qabığının meyvənin özü qədər faydalı xüsusiyyətlərə malik olduğunu bildirirlər. Son araşdırmalar və alternativ sağlamlıq məsləhətləri banan qabığının həm məişətdə, həm də sağlamlıq baxımından bir sıra faydalarını üzə çıxarıb.

Məlumata görə, banan qabığını xırda hissələrə bölərək həyətyanı sahələrə səpmək cücü və böcəklərin uzaqlaşmasına kömək edə bilər. Qabığın tərkibindəki maddələr həşəratlar üçün xoşagəlməz təsir yaradır.

Banan qabığı dişlərin ağardılmasında da istifadə olunur. Təbii üsullara üstünlük verənlər qabığın iç tərəfini dişlərə sürtməklə zamanla daha ağ dişlər əldə etməyin mümkün olduğunu deyirlər.

Ayaqqabı baxımında da banan qabığı faydalıdır. Qabığın tərkibində olan kalium dəri səthini parıldadır və ayaqqabının daha baxımlı görünməsinə kömək edir.

Dəri problemləri yaşayanlar üçün də maraqlı tövsiyələr var. Banan qabığının sızanaqların azalmasına kömək etdiyi bildirilir. Qabığı axşam saatlarında üzə qoyub səhərədək saxlamağın civzələrin azalmasına təsir göstərə biləcəyi qeyd olunur.

Bundan əlavə, banan qabığının qırışıqların azalmasına, baş ağrılarının yüngülləşdirilməsinə və ziyillərin müalicəsinə dəstək olduğu iddia edilir.

Mütəxəssislər qeyd edirlər ki, bu üsullar tibbi müalicəni əvəz etməsə də, banan qabığının gündəlik həyatda təbii və faydalı alternativ kimi istifadəsi mümkündür.