Bağdad hava limanı texniki nasazlıq səbəbindən bağlandı

İraq hökuməti Beynəlxalq Bağdad Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti bağlandığını, uçuşların bir neçə saat ərzində bərpa olunacağını açıqlayıb.

30

İraq hökuməti Beynəlxalq Bağdad Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırdığını açıqlayıb.

İraq Nəqliyyat Nazirliyinin mətbuat katibi Meysem əs-Safi INA”-ya verdiyi açıqlamada bildirib ki, hava limanının bağlanması təhlükəsizlik məqsədli qabaqlayıcı tədbir kimi həyata keçirilib.

Onun sözlərinə görə, yaranmış nasazlıq təcili texniki problem xarakteri daşıyır və ixtisaslaşmış texniki qruplar artıq nasazlığın müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Nazirlik rəsmisi qeyd edib ki, texniki baxış və yekun yoxlamalar başa çatdıqdan sonra hava limanının önümüzdəki bir neçə saat ərzində yenidən uçuşlara açılması gözlənilir. Safi eyni zamanda hava limanının bağlanmasının hər hansı yerli və ya beynəlxalq təhlükəsizlik təhdidi ilə əlaqəli olduğu barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Bağdad şəhərində yerləşən hava limanında uçuşların qəfil dayandırılması ilə bağlı xəbərlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.