Azərbaycanda mina qurbanlarının sayı 436-ya çatıb

Azərbaycan XİN bildirir ki, 2020-ci il müharibəsindən sonra mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib. Onlardan 73-ü həlak olub, 363-ü müxtəlif dərəcəli xəsarətlər alıb.

58

2020-ci il müharibəsinin başa çatmasından indiyədək Azərbaycanda mina partlayışları nəticəsində zərər çəkənlərin sayı 436 nəfərə çatıb. Azərbaycan Xarici İşlər Nazirliyi son iki gündə baş verən iki mina partlayışında üç mülki şəxsin yaralandığını bildirib.

MSNews.az xəbər verir ki, XİN sosial şəbəkə hesabında “iki gün ard-arda iki mina partlayışının baş verdiyini və üç mülki şəxsin xəsarət aldığını” açıqlayıb. Nazirlik mina təhlükəsinin insanların həyatını təhdid etməkdə, bərpa işlərinə mane olmaqda və məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirməkdə davam etdiyini vurğulayıb. Bu barədə “APA”“Report” məlumat yayıb.

Avqustun 12-də Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində buldozerin minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Sənan Fərəcov və 2003-cü il təvəllüdlü Fuad Əhmədov xəsarət alıblar. Hadisə ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Avqustun 13-də isə Kəlbəcər rayonunun Sarıyel kəndində daha bir mina partlayışı baş verib. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü mülki şəxs yaralanıb və onun sağ topuq nahiyəsi amputasiya edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Baş Prokurorluğunun avqustun 14-də açıqladığı son statistikaya görə, 10 noyabr 2020-ci ildən bəri mina partlayışlarından zərər çəkən 436 nəfərdən 73-ü həlak olub, 363-ü isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə “AZƏRTAC” məlumat yayıb.