Azərbaycan XİN-dən Peskovun Qarabağ açıqlamasına sərt reaksiya

Azərbaycan XİN Dmitri Peskovun Qarabağla bağlı açıqlamasına sərt reaksiya verib. Rəsmi Bakı bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu məsələ siyasi spekulyasiya mövzusu ola bilməz.

24

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Qarabağla bağlı son açıqlamasına cavab verib. XİN bildirib ki, Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərindən danışarkən yenidən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması məsələsinə toxunub. Nazirlik vurğulayıb ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması hər hansı dövlətin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Rəsmi Bakının mövqeyinə görə, bu reallıq 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror tədbirlərindən sonra bir daha təsdiqlənib və tam bərqərar olub. XİN həmçinin bəyan edib ki, Rusiya da daxil olmaqla heç bir dövlət heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb.

Nazirlik açıqlayıb ki, Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalar üçün istifadə olunmasının yolverilməzliyi və bunun dayandırılması ilə bağlı gözləntilər diplomatik kanallarla artıq Rusiya Prezident Administrasiyası, hökuməti və Xarici İşlər Nazirliyinin diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzunun Rusiya rəsmi siyasi diskursunda qalmasının Bakıda narahatlıq doğurduğu qeyd edilib. XİN bu məsələlərin Ermənistan-Rusiya münasibətlərinin ictimai müzakirəsi predmetinə çevrilməməli olduğunu bir daha vurğulayıb.