Azərbaycan Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO-nun Brunssumdakı Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” çərçivəsində II koordinasiya görüşü Bakıda baş tutub. Görüş 2025-ci il üçün Azərbaycan–NATO Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində təşkil olunub.
General-mayor Vüqar Əliverdiyev bildirib ki, Azərbaycan hərbçilərinin NATO standartları ilə tanışlığı, operativ planlaşdırma və komanda-idarəetmə prosedurlarının mənimsənilməsi üçün mobil təlim qrupları ilə müntəzəm işləyən proqramlar həyata keçirilir. Bu çərçivədə keçirilən təlimlər həm operativ-taktiki planlaşdırmanı gücləndirir, həm də ordunun NATO standartlarına uyğun səviyyədə hazırlığını artırır.
Görüşdə planlaşdırılan təlimlərin Azərbaycan–NATO əməkdaşlığının daha da möhkəmlənməsinə, kollektiv təhlükəsizliyin gücləndirilməsinə və regionda sülhə töhfə verəcəyinə əminlik ifadə olunub. Azərbaycan hərbçilərinin sülhməramlı missiyalarda fəaliyyəti yüksək qiymətləndirilib.
Tərəflər arasında təlimlərin keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalanıb və gündəlikdə olan bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.