Prezident “Azərbaycan 2026−2028-ci illər üçün rəqəmsal inkişaf Fəaliyyət Planı”nı təsdiqləyib

Prezident İlham Əliyev 2026−2028-ci illər üçün Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi Fəaliyyət Planını təsdiqləyib. Plan dövlət idarəetməsinin rəqəmsallaşdırılması və iqtisadi inkişafı sürətləndirməyi hədəfləyir.

60

Azərbaycan Respublikasının Prezidenti fevralın 27-də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, planın icrası dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin olunacaq.

Fəaliyyət Planının məqsədi ölkədə müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli istehsal potensialını artırmaq, dövlət idarəetməsini və infrastrukturunu rəqəmsallaşdırmaqla dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin etməkdir.

Sərəncamda göstərilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə rübdə bir dəfə icra vəziyyəti barədə Prezidentə məlumat verəcək. Maliyyə Nazirliyi hər il zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını və maliyyə ekspertizasını təmin edəcək.

Eyni zamanda, tədbirlərin monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət müəssisələri və digər qurumlar planın vaxtında və tam icrasını təmin etməli, aylıq hesabatları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etməlidirlər.

Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulan tədbirlər Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılması, innovasiya və texnoloji inkişafın sürətləndirilməsi, həmçinin dövlət xidmətlərinin daha əlçatan və effektiv olmasını təmin edəcək.