Bakıda Azərbaycan Milli Böyük Lojasının illik toplantısı keçirilib

Bakıda Azərbaycan Milli Böyük Lojasının 2025/2026-cı masonik ilinin yekunlarına dair toplantılar keçirilib. Tədbirdə 15 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

97

Bakıda Azərbaycan Milli Böyük Lojasının 2025/2026-cı masonik ilinin yekunlarına dair toplantılar keçirilib.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Böyük Lojasının rəsmi sosial media hesablarında məlumat paylaşılıb. Bildirilib ki, tədbirlər 27 iyun 2026-cı il tarixində təşkil olunub.

Məlumata əsasən, 27.06.2026-cı il tarixində əvvəlcə Qədim və Qəbul Edilmiş Şotland Ritinin Azərbaycan üzrə 33-cü və sonuncu dərəcəsi Ali Şurasının illik iclası baş tutub.

Daha sonra Azərbaycan Milli Böyük Lojasının yurisdiksiyasında fəaliyyət göstərən 1 nömrəli “Azərbaycan” möhtərəm lojası ilə Vaşinqton Kolumbiya Dairəsi Böyük Lojasının yurisdiksiyasında fəaliyyət göstərən “Nur2000” möhtərəm lojasının birgə toplantısı keçirilib.

Bundan sonra isə Azərbaycan Milli Böyük Lojasının illik toplantısı təşkil olunub. Qurumun paylaşdığı məlumata görə, toplantıda 15 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Milli Böyük Lojasının yurisdiksiyasında fəaliyyət göstərən 3 nömrəli “Xəzər” möhtərəm lojası ilə Vaşinqton Kolumbiya Dairəsi Böyük Lojasının yurisdiksiyasında fəaliyyət göstərən 90 nömrəli “Mehr” möhtərəm lojası arasında qardaşlaşma memorandumu imzalanıb.

Azərbaycan Milli Böyük Lojasının rəsmi saytında qurumun 2008-ci ildə Bakıda təşkil olunduğu və Azərbaycan masonluğunun formalaşması prosesində Vaşinqton Kolumbiya Dairəsi, Rusiya və Türkiyə böyük lojalarının iştirak etdiyi qeyd edilir.