Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyasını təqdim edib. Azərbaycanın humanitar dəstəyi çərçivəsində enerji avadanlıqlarından ibarət növbəti yük Kiyev şəhərinə təhvil verilib.
Təqdimetmə mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdaliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişçenko və digər rəsmi şəxslər iştirak ediblər. Yardımın ümumi dəyəri 1 milyon ABŞ dollarıdır.

Yükün tərkibinə 12 ədəd aşağı gərginlik paneli, 11 generator, 5 transformator, eləcə də təxminən 27 min metr kabel və naqil daxildir. Ukraynanın energetika nazirinin müavini Mykola Kolesnyk bildirib ki, beynəlxalq ictimaiyyət ölkənin enerji infrastrukturunun bərpasına dəstəyini davam etdirir.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya sistemli yardım göstərir və təqdim edilən avadanlıqlar səhiyyə və sosial obyektlər daxil olmaqla enerji və kritik infrastrukturun bərpasında istifadə olunacaq.