Avstraliyanın Kuinsland ştatında Ceffri Epşteyn skandalını xatırladan genişmiqyaslı bir uşaq istismarı qalmaqalı ortaya çıxıb.
Etan Börns-Dederer adlı 27 yaşlı şəxsə qarşı polis tərəfindən ümumilikdə 596 istismar ittihamı irəli sürüldüyü bildirilib.
Kuinsland polisi tərəfindən aparılan istintaqa görə, Börns-Dederer Avstraliya daxil olmaqla 15 müxtəlif ölkədə yaşayan 459 uşağı hədəf alaraq onların foto və videolarını toplamış və saxlamaqla yanaşı onlarla cinsi təmasda olub və internet vasitəsilə əlaqə qurub. Polisin əlində təxminən 23 min uşaq istismarı məzmunu olan material olduğu bildirilir. Bu maddi sübutlara əsasən cinayət ittihamları arasında uşaq istismarı məzmunu yaradılması, 16 yaşdan kiçik uşaqları “təmin etmək” üçün nəqliyyat xidmətlərindən istifadə və uşaqlarla onlayn cinsi fəaliyyət göstərmək kimi çoxsaylı maddələr var.
Məlumata görə, cinayətkar oyun və sosial media platformalarından istifadə edərək uşaqlarla əlaqə qurub və onları cinsi məzmun göndərməyə məcbur edib. Kuinsland Polis Təşkilatından verilən açıqlamada zərərçəkmişlərin müəyyən edilməsi və beynəlxalq əməkdaşlıqla aparılan istintaqın davam etdiyi vurğulanıb.
Qalmaqal Epşteyn ilə bağlı ABŞ-da ictimaiyyətlə paylaşılmış sənədlərin geniş rezonans doğurduğu bir dövrdə meydana çıxıb və bu tip cinayətlərin beynəlxalq miqyasda mübarizənin vacibliyini yenidən gündəmə gətirib.