“Avroviziya-2024” qalibi mükafatından imtina etdi

“Avroviziya - 2024” qalibi Nemo, İsrailin müsabiqəyə buraxılmasına etiraz edərək mükafatından imtina etdi və onu Avropa Yayım İnttifaqına geri göndərdi. Bir neçə Avropa ölkəsi də etiraz olaraq yarışdan çəkilib.

76

“Avroviziya-2024” qalibi, isveçrəli müğənni Nemo İsrailin yarışa buraxılmasına etiraz olaraq öz mükafatından imtina edib və onu Avropa Yayım İttifaqının (EBU) Cenevrədəki qərargahına geri göndərib.

Nemo bildirib ki, “Avroviziya” əvvəllər də ciddi insan hüquqları pozuntularında ittiham olunan dövlətlərin imicini yumşaltmaq məqsədilə istifadə olunub. Buna baxmayaraq, AYİ hər zaman yarışın “siyasətdən kənar” olduğunu iddia edib.

Müğənni göndərdiyi mükafatla yanaşı AYİ-yə ünvanladığı məktubda belə yazıb: “Siz iddia etdiyiniz kimi yaşayın.” O vurğulayıb ki, səhnədə nümayiş etdirilən dəyərlər real həyatda tətbiq olunmadıqda, ən gözəl ideyaların belə mənası itir.

Nemo sosial şəbəkədə paylaşımında qeyd edib:

“Əgər səhnədə tərənnüm etdiyimiz dəyərlər səhnədən kənarda yaşanmırsa, onların heç bir dəyəri qalmır. Mən o anı gözləyirəm ki, sözlər və əməllər uyğunlaşsın.”

Qeyd edək ki, bundan əvvəl Sloveniya, İrlandiya, İspaniya və Niderland da İsrailin yarışa buraxılmasına etiraz olaraq “Avroviziya-2026”da iştirakdan imtina etdiklərini açıqlayıblar. Belçika və Portuqaliya isə hazırda eyni addımı atmağı nəzərdən keçirir.