Avropanın ən zəngin dövləti – Lixtenşteyn

Xəritədə çətin tapılan Lixtenşteyn, Avropanın ən zəngin ölkələrindən biridir. Yüksək gəliri, təhlükəsiz həyatı, vergi sistemi və maraqlı ənənələri ilə seçilən bu mikro dövlətin sirrlərini kəşf edin.

125

Avropanın ən kiçik ölkələrindən biri olan Lixtenşteyn, xəritədə güclə tapılsa da, var-dövlət səviyyəsində dünyanın lider ölkələri arasında yer alır. Cəmi 40 min əhalisi olan bu mikro dövlət, yüksək gəlir səviyyəsi, təhlükəsiz həyat mühiti və özünəməxsus ənənələri ilə son illər diqqət mərkəzinə çevrilib. Lixtenşteyni bu qədər unikallaşdıran nədir? Bu ölkədə yaşamaq mümkündürmü?

Tamamilə Alp dağları üzərində yerləşən Lixtenşteynin paytaxtı Vadutsdur. 160 kvadratkilometrdən bir qədər böyük əraziyə sahib olan ölkə qərbdə və cənubda İsveçrə, şərqdə isə Avstriya ilə əhatələnib. Dənizə çıxışı yoxdur, lakin dünyada ən yüksək həyat səviyyəsinə sahib ölkələrdən biri kimi tanınır.

“Lixtenşteyn” adı 900 illik tarixi olan Lixtenşteyn sülaləsindən gəlir. Sülalə adını Avstriyadakı Lixtenşteyn qalasından alıb və “parlaq daş” mənasını verir. Hazırkı ölkə ərazisi əvvəllər iki feodal bölgədən – Şallenberq və Vadutsdan ibarət idi. 1719-cu ildə bu ərazilər birləşdirilərək Lixtenşteyn Knyazlığı yaradıldı və 1866-cı ildə tam müstəqil dövlət statusu qazandı.

Dağlıq struktur Lixtenşteynə ilboyu təmiz hava, mürəkkəb təbiət mənzərələri və özünəməxsus iqlim bəxş edir. Xizək turizmi, dağ yürüşü və velosiped marşrutları həm əcnəbilər, həm də yerli əhali arasında böyük populyarlığa sahibdir.

Ölkədə hava limanı və dəmir yolu xətti yoxdur. Lixtenşteynə giriş əsasən İsveçrə və Avstriya üzərindən təmin olunur. Daxili hərəkətdə isə ən çox istifadə edilən nəqliyyat vasitəsi velosipeddir. Bu, ölkənin sakit, nizami və minimalist həyat tərzinin təbii nəticəsi kimi qiymətləndirilir.

Lixtenşteynin dünyada ən yüksək adambaşına düşən gəlirə sahib olmasının bir neçə səbəbi var:

  • Aşağı vergi siyasəti

  • Beynəlxalq investorlar üçün əlverişli biznes mühiti

  • İnkişaf etmiş bank sektoru

  • Az əhali – yüksək iqtisadi güc balansı

  • Daxili borcun demək olar ki, olmaması

İşsizlik isə faktiki olaraq sıfıra yaxındır.

Lixtenşteyn təhlükəsizliyin ən yüksək olduğu ölkələrdən biridir. Bir çox insan evinin qapısını belə kilidləmir. Polis şöbəsində yüz nəfərdən az əməkdaş çalışır. Tək həbsxanada 10-dan çox məhkum saxlanılmır və mətbəxi olmadığından yeməklər restoranlardan sifariş edilir.

Ölkədə fəaliyyət göstərən korporasiyaların sayı əhalinin sayını belə üstələyir. Xüsusilə, bankçılıq və maliyyə sektorunda minlərlə xarici şirkət qeydiyyatdan keçib. Bu da ölkənin iqtisadi gücünü artıran ən önəmli amillərdən biridir.

Lixtenşteyn neytral ölkədir və orduya malik deyil. Müdafiə məsələləri İsveçrə ilə imzalanan müqavilə əsasında həyata keçirilir. Ölkənin son dəfə müharibəyə qatılması 1866-cı ildə olub.  Maraqlı bir fakt: Döyüşə 80 əsgər göndərən ölkə geri 81 əsgərlə qayıdıb. Çox güman əlavə şəxs yolda birliyə qoşulan bir qaçaq olub.

Lixtenşteynin maraqlı xüsusiyyətlərindən biri də ölkənin tədbirlər üçün bir günlük kirayə verilə bilməsidir. Təxminən 70 min dollardan başlayan paketin içində Vaduts turu, qədim qala ziyarəti, şərab dadımı, Alp aktivitələri və xüsusi fişəng şousu var.

Ölkədə evli cütlüklər bir nəfər kimi vergiləndirilir. Bu, ailə qurmağı təşviq edən sistemlərdən biridir. Digər maraqlı ənənə isə fermerlərin ölmüş inəkləri üçün qəzetə elan verməsidir.

Şengen ölkəsi olsa da Lixtenşteynə köçmək asan deyil. Ölkə çox kiçik olduğu üçün oturum icazələri ciddi şəkildə məhdudlaşdırılıb. Xaricilərin yerləşməsi üçün xüsusi işlə təminat tələbləri, investisiya şərtləri, illik kvota ilə verilən rəsmi icazələr tələb olunur.

Əhalinin üçdə biri əcnəbidir, lakin onların çoxu Avstriya və İsveçrə vətəndaşlarıdır.