Avropanın ən ucuz ölkəsi: 5 avroya şərab daxil tam menyu

Moldova Avropanın ən ucuz turizm istiqaməti elan edilib. Kişinyovda ayda 80 avroya kirayə, 5 avroya isə şərab daxil tam menyu mümkündür. Şərab mədəniyyəti və dayanıqlı turizm diqqət çəkir.

99

Avropada büdcəli səyahət etmək istəyənlər üçün yeni favorit ölkə bəlli olub. İspaniyanın “Cope” nəşri Moldovanı “Avropanın ən ucuz, lakin ən zəngin təcrübə təqdim edən ölkələrindən biri” kimi təqdim edib.

Rumıniya və Ukrayna arasında yerləşən Moldova həm təbii landşaftları, həm də çoxmillətli mədəni irsi ilə seçilir. Ölkədə qiymətlər isə gözləniləndən də aşağıdır:

Paytaxt Kişinyovda ayda cəmi 80 avroya mənzil kirayələmək və sadəcə 5 avroya (təqribən 10 AZN) şərab daxil tam menyu sifariş etmək mümkündür.

Moldova, xüsusilə, şərab istehsalı ilə məşhurdur. Dünyanın ən böyük şərab kolleksiyasının saxlandığı “Cricova” yeraltı şərab şəhəri turistlərin əsas ziyarət məkanları sırasındadır – burada 1,5 milyondan çox şüşə saxlanılır.

Ölkə son illərdə kütləvi turizmdən qaçaraq, ekoloji, mədəni və dayanıqlı turizm modellərini inkişaf etdirir. UNWTO tərəfindən tanınan Valeni kəndi bu siyasətin uğurlu nümunələrindəndir.

Mütəxəssislərə görə, Moldova yaxın illərdə Avropanın ən sərfəli və auten­tik turizm istiqamətlərindən birinə çevrilə bilər.