Sosial media və müxtəlif səyahət saytlarının yüzlərlə məlumatı və istifadəçi rəyi əsasında Belçikanın Brügge şəhəri Avropanın ən gözəl şəhəri elan edilib. Brügge ziyarətçilərə sanki film çəkilişlərində və ya nağıl kitabında gəzmək hissi yaradan orta əsrlər atmosferini qoruyub saxlaması ilə digər Avropa şəhərlərindən seçilir.
Şəhərin dar və daşlı küçələri, bir-birinə bağlanan incə körpüləri və kanalları turistlərdə unudulmaz təəssürat yaradır. Həmçinin ictimai nəqliyyata çox az ehtiyac duyulan bu şəhər piyada kəşf olunmağa tam uyğundur və Brüsseldən bir saatdan az müddətdə qatarla çatmaq mümkündür.
Möhtəşəm memarlığı və daxili dekorasiyası ilə diqqət çəkən Müqəddəs Qan Bazilikası (Basilica of the Holy Blood), inanclara görə səlib yürüşləri zamanı gətirilmiş və İsanın qan damlalarının düşdüyü iddia edilən relikvaya ev sahibliyi edir.
Minnewater Gölü (Sevgi Gölü), şəhərin ən romantik məkanı hesab olunur və kölgəli yürüş yolları ilə təbiətsevərlərin və foto həvəskarlarının favorit dayanacağıdır. Turistlər buranı “şəhərin içindəki vahə” kimi təsvir edirlər.
Brügge deyəndə ağla gələn ən vacib yeməklərdən biri dünyaca məşhur Belçika vaflisidir. Şəhərin hər küncündə təzə bişmiş vaflilərin qoxusu yayıldığı üçün ziyarətçilər üzərinə şokolad, təzə çiyələk və ya krem əlavə edərək dadmağı əsl zövq kimi qiymətləndirirlər.