Avropa Mərkəzi Bankı “JPMorgan”-ı cərimələdi

Avropa Mərkəzi Bankı "JP Morgan"-ın Avropa törəməsi "J.P. Morgan SE"-yə risk çəkili aktivlərin səhv bəyan edilməsi və kapital tələblərinin az göstərilməsi səbəbilə 12,2 milyon avro cərimə tətbiq edib.

30

Avropa Mərkəzi Bankı (ECB) ABŞ-ın nəhəng maliyyə qurumu “JPMorgan Chase”-ın Avropadakı törəməsi olan “J.P. Morgan SE”-yə kapital öhdəlikləri ilə bağlı səhv və qeyri-dəqiq hesabatlara görə 12,2 milyon avro məbləğində inzibati cərimə tətbiq edib.

AMB-nin yaydığı açıqlamada bildirilib ki, bank 2019–2024-cü illər ərzində risk çəkili aktivlərini qanunla müəyyən edilmiş həddən aşağı göstərib. Qeyd olunub ki, “JPMorgan” kredit riskinə məruz qalan korporativ mövqeləri yanlış təsnifatlandıraraq, faktiki riskdən daha aşağı risk çəkisi hesablayıb və bununla da, kapital tələblərini olduğundan az təqdim edib.

Açıqlamada pozuntuların sistematik xarakter daşıdığı vurğulanaraq bildirilib ki, maliyyə qurumu 15 maliyyə rübü ərzində korporativ riskləri yanlış kateqoriyaya daxil edib, həmçinin 21 rüb ardıcıl olaraq törəmə maliyyə alətlərində qarşı tərəf riskinin hesablanmasında bəzi əməliyyatları əsassız şəkildə istisna edib. AMB bu halların bankın daxili nəzarət mexanizmlərindəki struktur çatışmazlıqlardan qaynaqlandığını və “ağır səhlənkarlıq” kimi qiymətləndirildiyini açıqlayıb.

Nəticə etibarilə, Almaniya mərkəzli “J.P. Morgan SE”-nin kapital adekvatlığı ilə bağlı real risk profilini gizlətməsi və maliyyə dayanıqlığı göstəricilərini faktiki vəziyyətdən daha güclü təqdim etməsi əsas gətirilərək 12,2 milyon avro cərimə tətbiq edilib.

AMB bu qərarın maliyyə sektorunda yanlış risk hesabatlarına qarşı ciddi xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb. Bildirilib ki, bankın qərardan Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etmək hüququ var.