“Politico”nun məlumatına görə, Avropa İttifaqı Budapeştdən Moskvaya mümkün məlumat sızmaları ilə bağlı narahatlıq artdığı üçün bəzi həssas müzakirələr daha dar formatlarda aparılır. Bu iddialar “The Washington Post”un Macarıstan xarici işlər naziri Peter Siyartonun Aİ müzakirələri barədə Rusiyaya məlumat ötürdüyünə dair yaydığı xəbərlərdən sonra daha da güclənib.
Avropa İttifaqında Macarıstana qarşı etimadsızlığın artdığı bildirilir. “Politico”nun iddiasına görə, Budapeştdən Moskvaya məxfi məlumatların sızması riskinə görə Aİ diplomatiyasının bir hissəsi artıq daha kiçik və qapalı formatlarda aparılır. Bu barədə açıq adını çəkməyən avropalı rəsmiyə istinad olunur.
Məlumata əsasən, söhbət xüsusilə E3 — Fransa, Almaniya və Böyük Britaniya, E4 — Fransa, Almaniya, Böyük Britaniya və İtaliya, həmçinin Veymar üçbucağı — Almaniya, Polşa və Fransadan ibarət platformalardan gedir. Mənbənin sözlərinə görə, “kifayət qədər loyal olmayan” dövlətlər səbəbindən Avropa diplomatiyasının mühüm hissəsi indi məhz belə dar çərçivələrdə aparılır.
Bu narahatlığın fonunda “The Washington Post”un iddiası xüsusi rezonans doğurub. Həmin materiala görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto illər boyu Aİ Şurasının qapalı müzakirələri barədə rusiyalı həmkarı Sergey Lavrova məlumat verib və iclaslardakı fasilələr zamanı onunla əlaqə saxlayıb. Bu iddia sonradan “AP”, “Euronews” və digər Avropa media qurumları tərəfindən də işıqlandırılıb.
Polşanın baş naziri Donald Tusk da bu xəbərlərə reaksiya verərək bildirib ki, Varşava uzun müddətdir Macarıstanın Aİ Şurasındakı həssas məlumatları Rusiya ilə paylaşdığından şübhələnirdi. Tuskun açıqlaması bu məsələ ilə bağlı şübhələrin Brüsseldə təkcə media səviyyəsində deyil, siyasi dairələrdə də artıq köhnə olduğunu göstərir.
Budapeşt isə ittihamları rədd edir. AP-nin məlumatına görə, Peter Siyarto bu iddiaları “saxta xəbər” adlandırıb və onları Macarıstandakı seçki prosesinə təsir cəhdi kimi qiymətləndirib. Yəni hazırkı mərhələdə ortada ciddi və geniş yayılmış ittihamlar var, amma Macarıstan tərəfi bunları qəbul etmir.