Yeni il gecələrində insanların əl-ələ verərək oxuduğu məşhur “Auld Lang Syne” mahnısı ilə bağlı maraqlı fakt üzə çıxıb. Yeni araşdırmaya görə, bu ənənənin kökləri XIX əsr mason ritualına gedib çıxır.
Bu barədə MSNews.az “The Telegraph” nəşrinə istinadənxəbər verir.
Araşdırmanı aparan alimlər bildirir ki, mahnı oxunarkən insanların qollarını bir-birinə keçirməsi ənənəsi mason lojalarında tətbiq olunan kollektiv oxuma və birlik rituallarından qaynaqlanır. Bu ritual xüsusilə vida və birlik mesajı verən mahnılar zamanı istifadə olunurdu.
Məlumata görə, məşhur şotland şairi Robert Börns də mason təşkilatının üzvü olub. Onun əsərləri, o cümlədən “Auld Lang Syne”, məhz mason dairələrində geniş yayılaraq sonradan bütün dünyaya yayılıb.
Edinburq Universitetindən musiqişünas Moraq Qrant bildirib ki, mahnının sadə melodiyası və güclü emosional mesajı onun qlobal populyarlıq qazanmasında əsas rol oynayıb. Onun sözlərinə görə, “Auld Lang Syne” illər keçsə də insanlar arasında dostluq və xatirələrə bağlılıq hissini ifadə edir.
Araşdırma zamanı XIX əsrə aid bir qəzet materialı da tapılıb. Həmin mənbədə masonların təşkil etdiyi tədbirdə mahnının “birlik dairəsi” şəklində – yəni əl-ələ tutaraq oxunduğu qeyd olunur.
Tədqiqatçılar hesab edir ki, bu ənənə sonradan mason lojalarından çıxaraq geniş ictimaiyyətə yayılıb və bu gün Yeni il gecələrinin ayrılmaz hissəsinə çevrilib.
Hazırda “Auld Lang Syne” dünyanın bir çox ölkəsində Yeni ilin qarşılanması zamanı oxunur və qlobal mədəni simvollardan biri hesab olunur.