Anila Bişa adlı tanınmış alban aktrisa hökumətə qarşı “süni intellekt naziri” Diella üçün onun üzü və səsindən iznsiz istifadə olunduğu iddiası ilə məhkəmədə 1 milyon avroluq iddia qaldırıb.
Bişa bu gün Tirananın Birinci Dərəcəli İnzibati Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində üz və səs hüquqlarının yalnız dövlətin “e-Albania” portalında virtual köməkçi üçün istifadəsi ilə bağlı razılaşdırıldığını, ancaq bu icazənin hökumətin yaratdığı süni intellekt naziri üçün nəzərdə tutulmadığını bildirib və bu vəziyyətin onun şəxsi imicinə ağır zərər vurduğunu vurğulayıb.
O, həmçinin, mübahisə həll olunanadək “Diella”nın bu materiallardan istifadəsinin dayandırılması üçün məhkəmədən müvəqqəti qadağa tələb edib. Şikayətə Albaniyanın Nazirlər Kabineti, Baş nazir Edi Rama, Milli Məlumat Cəmiyyəti Agentliyi və layihədə iştirak edən texnologiya şirkəti qarşı tərəf kimi daxil edilib. Bişa hökumətdən 1 milyon avro təzminat da tələb edir. “Diella” 2025-ci ilin mayında Baş nazir tərəfindən ölkənin ilk süni intellekt naziri kimi təqdim edilib və əsasən dövlət satınalmalarını idarə etmək və korrupsiyanı aradan qaldırmaq məqsədilə ictimaiyyətə tanıdılıb. Bu təşəbbüs həm alban mətbuatında, həm də beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub, xüsusilə süni intellekt sistemlərinin etik və hüquqi sərhədləri ilə bağlı əsas suallar qaldırıb.