Almaniyada aparılan yeni araşdırma ölkə əhalisinin təxminən 21 %-nin xaricə köçməyi düşündüyünü göstərişdir. Bu rəqəm o deməkdir ki, hər beş nəfərdən biri Almaniyanı tərk etməyi düşünür.
Almaniya İnteqrasiya və Köç Araşdırmaları Mərkəzi (DeZIM) tərəfindən 2024-cü ilin yayından 2025-ci ilin yayına qədər 2 933 respondent arasında aparılan sorğuya görə, miqrasiya təcrübəsinə sahib şəxslər və onların uşaqları bu fikri daha çox səsləndiriblər: miqrasiya təcrübəsinə malik olanlar arasında bu göstərici 34 %, onların uşaqları arasında isə 37 % təşkil edib. Sorğuda miqrasiya təcrübəsi olmayan respondentlərin 17 %-i köç etməyi düşündüyünü bildirib.
Respondentlərin ən çox göstərdiyi səbəblərdən biri “daha yaxşı həyat səviyyəsi” arzusu olub. Mühacirət təcrübəsinə malik şəxslər arasında diskriminasiya təcrübələri də bu qərarın formalaşmasına təsir edən amillərdən biridir. Təhlilçilər bildiriblər ki, bu göstərici Almaniyada yaşanan sosial və iqtisadi müzakirələr ilə bağlı narahatlıq hissi ilə də bağlıdır.
Araşdırmada qeyd olunub ki, köç barədə düşünənlərin çoxunda bu hələ də yalnız nəzəri düşüncə səviyyəsindədir və insanların çoxunda konkret köç planı yoxdur. Bununla belə, bu meyl ölkədəki demoqrafik dəyişikliyi və əmək bazarında işçi çatışmazlığını artıran faktorlar arasında hesab edilir.