Almaniya Qrenlandiyaya ordu göndərir

58

Almaniya Müdafiə Nazirliyi Danimarkanın dəvəti ilə Qrenlandiyada çoxmillətli kəşfiyyat fəaliyyətlərində iştirak etmək üçün hərbi heyət göndəriləcəyini açıqlayıb. Missiya regional təhlükəsizlik və hərbi imkanların qiymətləndirilməsini nəzərdə tutur.

Almaniyanın Qrenlandiyada aparılacaq çoxmillətli kəşfiyyat fəaliyyətlərində iştirak etmək məqsədilə hərbçilər göndərəcəyi bildirilib. Almaniya Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Danimarkanın dəvəti əsasında Almaniya 15–17 yanvar tarixlərində digər Avropa ölkələri ilə birlikdə Qrenlandiyada kəşfiyyat xarakterli fəaliyyətlərə qoşulacaq. Açıqlamada Danimarkanın bölgədə təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə, xüsusilə dəniz məkanının müşahidə olunması imkanları da daxil olmaqla, mümkün hərbi töhfələr üçün çərçivə şərtlərinin araşdırılmasının hədəfləndiyi vurğulanıb.

Bildirilib ki, Almaniya ordusu yanvarın 15-də “A400M” tipli nəqliyyat təyyarəsi ilə 13 nəfərlik kəşfiyyat qrupunu Qrenlandiyanın Nuuk şəhərinə göndərəcək və bu fəaliyyətlər digər tərəfdaş ölkələrin nümayəndələri ilə birgə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər Danimarka Qrenlandiyadakı hərbi mövcudluğunu artıracağını açıqlayıb, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ tərəfindən alınmasının NATO-nu gücləndirəcəyini iddia edib, Fransa prezidenti Emmanuel Makron isə Qrenlandiyanın suverenliyinin pozulmasının “zəncirvari nəticələrə” yol aça biləcəyini bildirib.