Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaya əsasən, Donald Tramp administrasiyası səyahət qadağalarını genişləndirən yeni qərar qəbul edib. Qərara görə, artıq “yüksək riskli” hesab edilən ölkələrin siyahısı artırılıb və bir sıra dövlətlərin vətəndaşlarına ABŞ-a giriş tam şəkildə qadağan olunub.
Hazırda tam səyahət qadağası tətbiq edilən 12 ölkə sırasında Əfqanıstan, Myanma (Birma), Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən yer alır. Yeni qərarla bu siyahıya Suriya, Burkina-Faso, Mali, Niger və Cənubi Sudan da əlavə edilib.
Bundan əlavə, Fələstin Administrasiyası tərəfindən verilmiş səyahət sənədlərinə sahib şəxslərə də ABŞ-a girişə tam məhdudiyyət və ciddi səyahət qadağası tətbiq olunacaq. Daha əvvəl qismən məhdudiyyət altında olan Laos və Syerra-Leone də artıq tam səyahət qadağası tətbiq edilən ölkələr sırasına daxil edilib.
“Yüksək riskli” ölkələr kateqoriyasında yer alan Burundi, Kuba, Toqo və Venesuela vətəndaşlarına münasibətdə qismən səyahət məhdudiyyətləri isə qüvvədə saxlanılır. Ağ Ev açıqlamasında Suriyada mövcud ciddi təhlükəsizlik risklərinin səyahət qadağasının əsas səbəblərindən biri olduğu vurğulanıb. Eyni zamanda, Fələstində ABŞ tərəfindən terror təşkilatı kimi tanınan bəzi qrupların hələ də aktiv fəaliyyət göstərə bilməsi də qərarın əsaslandırılmasında qeyd edilib.
Qərarın 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcəyi bildirilib.
Xatırladaq ki, ABŞ administrasiyası noyabrın 26-da iki Milli Qvardiya üzvünün güllələnməsindən sonra, dekabrın 3-də “yüksək riskli ölkə” kateqoriyasına daxil olan 19 dövlətin vətəndaşları tərəfindən edilən bütün sığınacaq müraciətlərini və miqrasiya yardımı tələblərini dayandırmışdı. ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Canin Pirro hadisənin şübhəlisinin 29 yaşlı Əfqanıstan vətəndaşı Rahmanullah Lakanval olduğunu, yaralanan Milli Qvardiya üzvlərinin isə 20 yaşlı Sara Bekstrom və 24 yaşlı Endryu Vulf olduğunu açıqlamışdı.
Digər tərəfdən, ötən həftə Suriyada İŞİD üzvü tərəfindən ABŞ hərbçilərinə qarşı təşkil edilən hücum nəticəsində ikisi amerikalı əsgər olmaqla ümumilikdə üç nəfər həlak olmuşdu. ABŞ administrasiyası bu hadisələri təhlükəsizlik risklərinin artmasının göstəricisi kimi qiymətləndirir.