Ağ Evdə Situasiya otağı sızması narahatlığı

ABŞ-da Tramp administrasiyası “Regime Change” kitabı ərəfəsində Ağ Evin Situasiya otağındakı qapalı müşavirələrə dair mümkün informasiya sızması ilə bağlı narahatlıq yaşayır.

8

ABŞ-da Ağ Evin ən məxfi məkanlarından sayılan Situasiya otağındakı qapalı müzakirələrlə bağlı mümkün informasiya sızması Vaşinqtonda ciddi narahatlıq yaradıb.

MSNews.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri “The New York Times” jurnalistləri Meggi Haberman və Conatan Svanın iyunun 23-də nəşri planlaşdırılan “Regime Change: Inside the Imperial Presidency of Donald Trump” kitabı üçün Situasiya otağında keçirilən görüşlərə dair audio yazılar əldə etmiş ola biləcəyindən ehtiyat edirlər.

“Axios” yazır ki, kitabdan əvvəl dərc olunan parçalar İran müharibəsi və Ceffri Epşteyn dosyesi ilə bağlı qapalı müşavirələrdə deyilənlərin detallı şəkildə əks olunduğunu göstərib. Nəşrin məlumatına əsasən, Ağ Ev rəsmiləri həmin danışıqlarda səslənən bəzi ifadələrin dəqiqliyindən narahatdırlar. Bununla belə, audio yazıların mövcudluğu hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Məlumata görə, vitse-prezident Cey Di Vens də bu məsələ ilə bağlı narahatlığını dilə gətirib və bəzi detalların kimlərinsə görüşləri qeydə almış ola biləcəyi barədə suallar yaratdığını bildirib. “Axios”un yazdığına görə, Haberman və Svan məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

“The National Desk” isə yazır ki, müzakirələrdə Epşteyn dosyesi ilə bağlı Ağ Ev daxilindəki siyasi risklər, həmçinin İranla bağlı qapalı məsləhətləşmələr xüsusi diqqət çəkib. Materiallarda dövlət katibi Marko Rubionun İsrailin İranla bağlı “rejim dəyişikliyi” ssenarilərinə skeptik yanaşdığı da qeyd olunur.

Hazırda əsas sual məlumatların necə əldə olunmasıdır. Ağ Evdə bunun müşavirə iştirakçılarından sızma, detallı qeydlər və ya başqa mənbələr vasitəsilə baş verib-vermədiyi müzakirə olunur. Lakin qorunan kommunikasiya kanallarının ələ keçirilməsi və ya Situasiya otağının sistemli şəkildə dinlənilməsi barədə iddialar hələlik təsdiqini tapmayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.