Ağ Ev: Trampın kürd qruplarını silahlandırma planını təsdiqlədiyi iddiası yalandır

Ağ Ev sözçüsü Kerolayn Livitt Donald Trampın İranda kürd qüvvələrini silahlandırma planını təsdiqlədiyinə dair xəbərlərin tamamilə yanlış olduğunu açıqlayıb.

35

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ administrasiyasının İranda xalq üsyanını təşviq etmək məqsədilə bölgədəki kürd qüvvələrini silahlandırmağı planlaşdırdığına dair iddiaları təkzib edib. O bildirib ki, Prezidentin belə bir plana razılıq verdiyini iddia edən xəbərlər “tamamilə yanlışdır və bu formada təqdim olunmamalıdır”.

Livitt keçirdiyi brifinqdə jurnalistin “Tramp administrasiyasının İranda üsyanı təşviq etmək üçün kürd qüvvələrini silahlandırmaq planı varmı?” sualına cavab olaraq qeyd edib ki, Prezident Yaxın Şərqdəki tərəfdaşlar və müttəfiqlərlə çoxsaylı danışıqlar aparıb, o cümlədən Şimali İraqdakı baza ilə bağlı kürd liderlərlə təmaslar olub. Lakin o, ABŞ Prezidenti Donald Tramp tərəfindən belə bir planın təsdiqlənməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Bundan əvvəl “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadla yazmışdı ki, Tramp İranda rejimi devirmək məqsədilə silahlanmağa hazır qruplara dəstək verməyə açıqdır. CNN telekanalı isə mənbələrə istinadən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İranda üsyan yaratmaq üçün müxalif kürd qruplarını silahlandırmağa çalışdığını iddia etmişdi.

Livitt brifinqdə ABŞ hərbçilərinin İrana daxil olub-olmayacağı ilə bağlı suala da münasibət bildirib. O qeyd edib ki, hazırda bu, əməliyyat planının bir hissəsi deyil, lakin heç bir hərbi variantın istisna edilmədiyini vurğulayıb.

Ağ Ev sözçüsü həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarda dörd əsas məqsədinin olduğunu açıqlayıb: Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq, İran donanmasını sıradan çıxarmaq, ballistik raket proqramını zəiflətmək və bölgədəki silahlı qruplara dəstəyini dayandırmaq.

Livitt bildirib ki, ABŞ qüvvələri İranın 20-dən çox gəmisini, o cümlədən ən müasir sualtı qayığını məhv edib. O, əməliyyatların nə qədər davam edəcəyinə dair konkret vaxt açıqlamayıb.

Bundan başqa, Ağ Ev Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına çağırış edərək, bölgəni tərk etmək istəyənlərin hökumətin təşkil etdiyi hərbi və çarter reyslərindən pulsuz istifadə edə biləcəyini bildirib.