“Axios” nəşrinin yaydığı məlumata görə, ABŞ administrasiyası İrana təzyiqi artırmaq məqsədilə Xarq adası üzərində nəzarətin qurulması və ya onun blokadaya alınması ssenarilərini müzakirə edir.
Məlumatda bildirilir ki, bu planın əsas məqsədi Tehranın Hörmüz boğazı üzərində təsirini zəiflətmək və onu yenidən açmağa məcbur etməkdir. Analitiklər hesab edir ki, bu boğaz üzərində nəzarət məsələsi münaqişənin taleyində həlledici rol oynayır.
İddialara görə, Donald Tramp administrasiyası münaqişəni öz şərtləri ilə başa çatdırmaq üçün İranın əsas iqtisadi dayaqlarını hədəfə almağı planlaşdırır. Bu kontekstdə Xarq adası xüsusi əhəmiyyət daşıyır. Qeyd olunur ki, İran neft ixracının təxminən 90%-ə qədəri məhz bu adadan həyata keçirilir.
Ağ Evdəki müzakirələrdən xəbərdar mənbənin sözlərinə görə, planlardan biri qısa müddət ərzində intensiv zərbələrlə İranı zəiflətmək, daha sonra isə adanı nəzarət altına almaq və bunu danışıqlarda “kozır” kimi istifadə etməkdir.
Nəşr yazır ki, üç müxtəlif mənbə Xarq adasının quru qoşunları tərəfindən ələ keçirilməsi ssenarisinin ciddi şəkildə nəzərdən keçirildiyini təsdiqləyib. Alternativ variant kimi isə dəniz blokadası – yəni neft tankerlərinin adaya buraxılmaması müzakirə olunur.
Eyni zamanda, belə bir əməliyyatın ABŞ hərbçiləri üçün ciddi risklər yaratdığı qeyd olunur. Mənbələrdən birinin sözlərinə görə, mümkün addımların hüquqi əsaslarını qiymətləndirmək üçün artıq Pentaqon hüquqşünasları da prosesə cəlb olunub.
Hazırda bu planların rəsmi şəkildə təsdiqlənmədiyi və yalnız müzakirə mərhələsində olduğu bildirilir.