ABŞ və Livan İsraildən Livanda zərbələrə fasilə istəyib

"Axios" yazır ki, ABŞ və Livan gələn həftəki birbaşa danışıqlar öncəsi İsraildən “Hizbullah”a qarşı hücumlarda qısa fasilə verməsini istəyib. 

13

“Axios”un iki mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ və Livan hökuməti İsraildən “Hizbullah”a qarşı hücumlarda qısa “fasilə” verməsini istəyib. Məqsəd gələn həftə Vaşinqtonda başlanması gözlənilən birbaşa İsrail–Livan danışıqları öncəsi gərginliyi azaltmaqdır. Nəşr yazır ki, tərəflər çərşənbə axşamı ABŞ Dövlət Departamentinin himayəsində ilk raund təmaslara başlamağı planlaşdırır. 

Bu iddia hələlik əsasən “Axios”-un mənbələrinə söykənir. Amma “Reuters” və “Associated Press” ayrıca təsdiqləyir ki, Livan danışıqlara şərait yaratmaq üçün müvəqqəti atəşkəs istəyir, İsrail isə gələn həftə Vaşinqtonda birbaşa təmaslara başlamağa razılaşıb.  Netanyahu danışıqlara yaşıl işıq yandırsa da, “Livanla atəşkəs yoxdur” mövqeyini açıq saxlayıb və İsrailin “Hizbullah”a zərbələri davam etdirəcəyini bildirib.

Mövzunun daha geniş geosiyasi tərəfi də var. “Axios”-a görə, İsrailin Livandakı əməliyyatları ABŞ–İran danışıqlarında həssas məsələyə çevrilib. “Reuters” də yazır ki, İran və ona yaxın dairələr Livanın da atəşkəs çərçivəsinə daxil edilməsini istəyir, halbuki ABŞ və İsrail bunu qəbul etmir. Bu səbəbdən mümkün “fasilə” təkcə Livan cəbhəsi üçün deyil, daha geniş regional diplomatiya üçün də əhəmiyyət daşıyır.